1.4 İNFORMASİYANIN QORUNMASI
İstənilən adamı onun üçün dəyərli bir şeyin itkisi məyus edir. Təsəvvür edin ki, mobil telefonunuzu, yaxud dostunuzun ad gününə hədiyyə almaq üçün evdən sizə verilmiş pulu itirmisiniz. Belə bir hadisədən məyus olsanız da, bu cür itkinin yerini tezliklə doldurmaq olar.
İndi, tutaq ki, illərlə sizin üçün vacib olan məlumatları qeyd etdiyiniz yazı kitabçasını itirmisiniz. Bərpa olunması müşkül olan bu itki, yəqin ki, sizi daha çox məyus edəcək.
Bəs şəxsiyyət vəsiqənizi, pasportunuzu, yaxud ali təhsil haqqında diplomunuzu itirsəniz, nə baş verə bilər? Bu sənədlərin hər birində yalnız sizin özünüzə məxsus olan mühüm informasiyalar vardır.
Sənədlərin itirilməsi, yaxud oğurlanması bəzən cinayət məsuliyyətinə də səbəb ola bilər.
FƏALİYYƏT
Məlumatla tanış olun və sualları cavablandırın.
2013-cü ildən Azərbaycanda biometrik pasportların verilməsinə başlanılmışdır. Bu pasportlarda bütün informasiya mikrosxemdə saxlanılır. Mikrosxemin yaddaşında vətəndaş haqqında ümumi məlumatlar və pasport sahibinin biometrik özəllikləri - üz təsviri, barmaq izi, yaxud gözün qüzehli qişasının təsviri yerləşdirilir.
Bu məlumatların surəti mərkəzləşdirilmiş məlumat bazasında da saxlanılır. Mikrosxemin yaddaşında olan məlumat oxuyucu qurğuya məsafədən ötürülə bilər.
Yaşadığımız dövrdə informasiyanın böyük bir hissəsi rəqəmli şəkildə elektron daşıyıcılarda saxlanılır. Bu isə informasiyanın qorunması problemini asanlaşdırmır, əksinə, daha da çətinləşdirir. Özu də bu problem hazırda elə qlobal xarakter almışdır ki, müxtəlif ölkələrdə informasiyanın mühafizəsi haqqında xüsusi qanunlar qəbul edilir, əvvəllər fəaliyyət göstərməyən yeni özəl və dövlət qurumları yaradılır.
Azərbaycan Respublikasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun 3 aprel 1998-ci il tarixdən qüvvədədir. Bu qanuna görə, hər bir sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.