6.7 E-KİTABXANA, E-SEÇKİ, E-TİCARƏT
FƏALİYYƏT
Kompüter və İnternet istifadəçilərinin sayı artdıqca daha çox insan elektron kitablardan istifadə etməyə başlayır. Elektron kitab, yaxud e-kitab kağızda deyil, elektron formada (onlayn, yaxud CD-ROM və ya ona bənzər elektron daşıyıcıda) yayılan kitabdır. Getdikcə ənənəvi kitabxanaların oxucuları azalır, ona görə də bir çox kitabxanalar öz fondlarında saxlanılan kitabların elektron versiyasını hazırlayırlar. Nəticədə ötən əsrin 80-ci illərindən başlayaraq "elektron kitabxana" (eyni zamanda "rəqəmsal kitabxana" və ya "virtual kitabxana") anlayışı meydana çıxıb.
Elektron kitablar, əsasən, doc, txt, fb2 mətn formatlarında yayılır. Riyazi düsturların, mürəkkəb sxemlərin çox olduğu materialları mətn formatına çevirmək çətin olduğundan onları çox zaman DjVu və ya PDF kimi qrafik formatlarda saxlayırlar.