Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və düzgün qərarlar qəbul etmək üçün məktəb idarəetmə sisteminə (MİS) böyük ehtiyac var. Belə bir informasiya sistemi məktəb rəhbərliyinə hər zaman aktual informasiyadan istifadə edərək müxtəlif hesabatlar əldə etməyə imkan verir. Bu cür operativ hesabatlar məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə kömək edir.
Müasir kompüter texnologiyalarının tətbiqi yoxlayıcıların fərdi keyfiyyətlərindən asılı olmadan bilikləri obyektiv və daha sürətlə qiymətləndirməyə imkan verir.
Qiymətləndirmənin avtomatlaşdırılması bir sıra hallarda xüsusi əhəmiyyət kəsb edir:
- kütləvi qiymətləndirmə zamanı;
- biliklərin yoxlanılmasında operativlik tələb olunduqda;
- qiymətləndirmə sistematik olaraq aparıldıqda;
- ucqar yerlərdə qiymətləndirmə aparıldıqda;
- yoxlama prosesi obyektivlik və etibarlılıq baxımından şübhə doğurduqda.
Göstərilən texnologiyanın tətbiqi nəticəsində qiymətləndirmənin keyfiyyəti
dəyişir, hesabat işləri asanlaşır, imtahanların keçirilməsinə çəkilən xərclər azalır, biliyin qiymətləndirilməsində insan amili daha az rol oynayır və imtahan qəbul edən kadrların hazırlıq problemi aradan qalxır. Bu texnologiya imtahanı (yoxlama) prosesini bütövlükdə avtomatlaşdırmaqla yanaşı, alınan nəticələrin tam statistik təhlilini aparmağa və nəticədə təhsilin keyfiyyətini yüksəltməyə yönəlmiş qərarların qəbul olunmasına da imkan verir.
ARAŞDIRAQ — öyrənək
- 1992-ci ildən respublikamızda ali məktəblərə tələbə qəbulu, 2009-cu ildən isə orta məktəblərdə buraxılış imtahanları kompüter texnologiyaları tətbiq edilməklə test üsulu ilə aparılır. Biliyin bu yolla qiymətləndirilməsinin üstünlükləri haqqında dərsdə məlumat verilib. Bu üsulun mənfi cəhətləri haqqında fikirlərinizi söyləyin. Sizcə, onları necə aradan qaldırmaq olar?
- Bəzi mütəxəssislər e-təhsilin ənənəvi təhsillə müqayisədə müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətlərini də göstərirlər. Bu istiqamətdə araşdırma aparın və nəticələri cədvəl şəklində təqdim edin. Cədvəlin bir sütununda e-təhsilin müsbət, o birisində isə mənfi cəhətlərini qeyd edin. Hər bir qeydə öz münasibətinizi bildirin.
Özünüzü yoxlayın
- E-təhsil nədir və onun hansı özəllikləri var?
- Fasiləsiz təhsillə ömürboyu təhsilin fərqi varmı?
- Məktəbin idarəolunmasında İKT-dən necə istifadə olunur?
- Qiymətləndirmənin avtomatlaşdırılması dedikdə nə nəzərdə tutulur?
- Sizcə, biliyin avtomatlaşdırılmış sistem vasitəsilə qiymətləndirilməsinin hansı çatışmazlıqları var?