FƏALİYYƏT2
e-resurs.edu.az portalı ilə tanışlıq
Uzaqdan təhsil zamanı məlumatları öyrənənlərə çatdırmaq üçün müxtəlif üsullardan istifadə olunur. Tətbiq olunan texnologiyaların artıq bir neçə nəsli (ənənəvi çap məhsullarından ən müasir kompüter texnologiyalarınadək) bir-birini əvəz etmişdir. Ancaq texnoloji yeniliklərin meydana çıxmasına baxmayaraq bir çox hallarda hələ də daha sadə üsullara üstünlük verilir; məsələn, Hindistanda uzaqdan təhsil üçün radiodan istifadə edilməsi geniş yayılmışdır. Çünki radio oradakı əhalinin əksəriyyəti üçün daha əlverişlidir və əlavə infrastruktur yaratmağa gərək yoxdur. Hazırda uzaqdan təhsil məqsədilə İnternet ünsiyyət vasitələrinin hamısından - elektron poçtdan, forumlardan, gap xidmətlərindən, tele və videokonfranslardan istifadə olunur.
Əslində, uzaqdan təhsilin tarixi daha “qədimdir”. Belə ki, ötən əsrin əvvəllərində radionun ixtirasından sonra ilk radio- kurslar yayımlanmağa başladı. Analoji kurslar 1950-ci illərdə telekanallarda açıldı. 1960-cı ildə ilk dəfə Çində orta təhsil vermək üçün radio və televiziyadan istifadə etməyə başladılar.
İndi iri şirkətlərin çoxu işçi heyətinin hazırlığını standartlaşdırmaq, bu məqsədlə çəkilən xərcləri azaltmaq və keyfiyyəti yüksəltmək üçün öz tərkibində uzaqdan təhsil mərkəzləri yaradır. Demək olar ki, heç bir müasir şirkət bunsuz keçinə bilməz; məsələn, Microsoft şirkəti öz işçilərini, onun məhsullarından istifadə edənləri, yaxud alıcıları və proqram təminatı hazırlayanları öyrətmək üçün böyük öyrədici portal yaratmışdır.
Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunmasına da qoyulan tələblər artır. Bu gün informasiya texnologiyalarından istifadə etmədən idarəetmə və nəzarət mexanizmini günümüzün tələblərinə uyğun qurmaq mümkün deyil.