Müasir dünyanın görünməmiş bir sürətlə dəyişməsi biliklərin daha çevik və ucuz ötürülməsi üsullarının tətbiq olunmasını tələb edir. Günümüzün bu kəskin probleminin həllini mümkün edən vasitələrdən biri elektron təhsil, yaxud e-təhsildir. Bundan öncəki təhsil sistemlərində kompüterlər tədrisin daha yaxşı, daha səmərəli aparılması üçün yardımçı bir vasitə idi. Ancaq sürətli İnternet şəbəkəsinin meydana çıxması “müstəqil öyrənmə” və “ömürboyu öyrənmə” anlayışlarını ortaya çıxardı.
E-təhsil İnternet, yaxud intranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə gerçəkləşən, biliyin əldə olunmasında zaman və məkan hüdudlarını tanımayan, ömürboyu öyrənməyə imkan verən bir təhsil sistemidir.
Getdikcə genişlənən e-təhsilin bir sıra xüsusiyyətləri vardır:
E-təhsilə elektron dərsliklər, tədris xidmətləri və texnologiyaları aiddir. Elektron dərsliklər mürəkkəb məhsul olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla müqayisədə elektron dərsliklər üçün müəyyən proqram-texniki kompleks tələb olunur.
Yaşadığımız informasiya cəmiyyətinin dinamik inkişafı üzvlərindən bütün ömrü boyu, fasiləsiz təhsil almasını tələb edir. Bu, insana zamanla ayaqlaşmaq, lazım gəldikdə peşəsini dəyişmək, cəmiyyətdə özünə layiqli yer tutmaq imkanı verir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq məktəbəqədər və orta məktəb təhsili, peşə təhsili, ixtisasartırma və yenidən hazırlanma sistemi, əlavə təhsil və s. də daxil olmaqla, fasiləsiz təhsil sistemi yaratmağa başlamışlar.
Təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. İnformasiya texnologiyalarının inkişafı və internetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır. Telekommunikasiya texnologiyaları və internet şəbəkəsinin resursları yeni tədris tipini - uzaqdan təhsili (distant təhsili) meydana çıxarıb. Uzaqdan təhsilin subyekti, yəni öyrənci (şagird, tələbə və s.) pedaqoqdan, tədris vasitələrindən və təhsil resurslarından uzaqda olur. Bu təhsil növü üçün də tədris prosesinə xas olan bütün komponentlər - məzmun, məqsədlər, təşkilat formaları, təlim vasitələri, nəzarət sistemi və nəticələrin qiymətləndirilməsi xarakterikdir.