Onun tərkibinə emal sisteminin bütün əsas hissələri daxildir: prosessor, yaddaş, giriş və çıxış qurğuları.
ARAŞDIRAQ — öyrənək
Mətni oxuyun və suallara cavab verin.
Hava proqnozu necə verilir? Gün ərzində havanın temperaturu, rütubətliliyi, təzyiqi, küləyin sürəti, istiqaməti və başqa göstəricilər haqqında müxtəlif məlumatlar meteostansiyalarda xüsusi cihazlar vasitəsilə toplanır və meteomərkəzə ötürülür. Bu verilənlər güclü kompüterlər vasitəsilə emal edilərək ümumiləşdirilir və xəritə üzərinə köçürülür. Hava haqqında məlumatlar meteostansiya və meteopeyklərdən kəsilməz olaraq daxil olur. Onlayn rejimdə daxil olan verilənlər hər an dəyişə bilər.
Kifayət qədər böyük ərazinin hava şəraitini izləməyə imkan verən bu xəritələr əsasında mütəxəssislər 1 saat, 1 gün və ya daha uzun müddət öncədən hava proqnozları verirlər. Hava proqnozları dərhal müxtəlif vasitələrlə əhaliyə və müvafiq təşkilatlara çatdırılır. Bu proqnozlar fəaliyyəti hava şəraitindən asılı olan insanlar üçün çox qiymətli məlumatlardır.