- Tələb olunan istifadəçi adınızı və parolunuzu daxil edin və Daxil ol düyməsini çıqqıldadın. Yanlışlıq yoxdursa, portalın bütün xidmətləri istifadənizə açılacaq
- Elektron arayışlar düyməsini çıqqıldadın və açılan siyahıdan Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış bəndini seçin.
- Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə (İAMAS) sorğu göndəriləcək və şəxsiyyət vəsiqənizin məlumatları PDF formatında ekranda əks olunacaq. İndi siz bu arayışı çap edib, yaxud elə bu elektron formada (dövlət orqanından alınmış rəsmi arayış kimi) istənilən tələb edən quruma təqdim edə bilərsiniz.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
ARAŞDIRAQ — öyrənək
- www.e-gov.az portalına daxil olun. İstədiyiniz bir dövlət qurumunu seçin və onun təqdim etdiyi elektron xidmətlərlə tanış olun. Bu haqda təqdimat hazırlayın.
- www.asan.gov.az saytına daxil olun. Təqdim olunan xidmətlərin siyahısı ilə tanış olun. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında başlıca məqsədlərin nə olduğunu öyrənin. ASAN qısaltmasının açılışı nə deməkdir? Şəxsiyyət vəsiqəsi almaq üçün nə qədər rüsum ödənilməlidir?
Özünüzü yoxlayın
- "Elektron hökumət" nə deməkdir?
- Ölkəmizdə "Elektron hökumət"ə keçid prosesi nə vaxtdan başlayıb?
- "Elektron hökumət portalı"nda qeydiyyatdan keçmək üçün hansı məlumatlar tələb olunur?
- “ASAN xidmət” nə deməkdir?