6.5 ELEKTRON HÖKUMƏT
Yaşadığımız dövrdə ölkələrdə demokratiya səviyyəsinin göstəricilərindən biri də "elektron hökumət”in formalaşdırılması hesab edilir. "Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə və xarici vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” mümkün qədər qısaltmaq, bu münasibətləri asanlaşdırmaq və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi vacibdir.
Elektron hökumət (və ya elektron dövlət) dedikdə informasiyanın elektron emal, ötürmə və yayılma vasitələri əsasında dövlət idarəetməsinin təşkili, hakimiyyətin bütün qollarındakı dövlət orqanlarının xidmətlərinin elektron vasitələrlə vətəndaşların bütün kateqoriyalarına (pensiyaçılara, fəhlələrə, iş adamlarına, dövlət qulluqçularına və b.) təqdim olunması, həmin vasitələrlə vətəndaşların dövlət orqanlarının işi haqqında məlumatlandırılması nəzərdə tutulur.