6.3 İNTERNETDƏ ÜNSİYYƏT. ŞƏBƏKƏ ETİKASI
FƏALİYYƏT
İnternetdə ünsiyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Bu barədə öz fikirlərinizi cədvəlin müvafiq xanalarında qeyd edin.
İnternetdə ünsiyyətin müsbət tərəfləri | İnternetdə ünsiyyətin mənfi tərəfləri |
Elektron poçt | |
Səsli ünsiyyət | |
Mətn mübadiləsi | |
Bəzən hər hansı problemi operativ olaraq dialoq prosesində müzakirə etmək zərurəti yaranır. Belə hallarda onlayn (ingiliscə: on-line - xətdə) adlandırılan real zaman rejimində ünsiyyət texnologiyasından istifadə olunur.
Telefonla ünsiyyət həmişə onlayn rejimində baş verir.
Teleqram göndərərkən siz blankı oflayn rejimində doldurursunuz, sonra teleqrafçı onlayn rejimində teleqramı rabitə xətti ilə ötürür; sonra isə teleqramın ünvanlandığı şəxs onu oflayn rejimində oxuyur.
Onlayn rejim informasiyanın ötürülməsi üçün maksimal operativliyin tələb edildiyi hallarda, məsələn, birjalarda, bank işlərində çox tətbiq olunur. Bu üsuldan kütləvi informasiya vasitələri interaktiv sorğular, “canlı” dialoqlar zamanı geniş istifadə edir.
Adi istifadəçilər də ünsiyyət üçün onlayn xidmətlərdən yararlana bilərlər. Son zamanlar İnternet istifadəçiləri arasında mətn şəklində replikalar mübadiləsi geniş yayılıb. Real zaman rejimində belə söhbətlərin aparılmasını təmin edən sistemlər “gap otaqları” adlanır.