İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyətinə daha bir kateqoriya - informasiya mədəniyyəti də əlavə edilir. İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Başqa sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri bunlardır:
Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir. Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.
Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir.
Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence - Avropa kompüter hüququ) daha geniş yayılmışdır. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı onu alan şəxsin informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və əsas tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiqləyir.