İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır:
- İnformasiyanın həcmi artdığından onun emalı və saxlanması insanın öz imkanı xaricindədir, ona görə də bu işə xüsusi texniki vasitələr cəlb edilir. Kompüterlərdən istifadə qaçılmazdır, onlar etibarlı informasiya mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
- Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır. Əhalinin bilavasitə maddi sərvətlər istehsal etməyən yeni sosial təbəqəsi yaranıb. Bu insanlar (müəllimlər, bank işçiləri, proqramçılar və b.) informasiyanı emal etməklə məşğuldurlar. Bu cəmiyyətdə maddi nemətlərin özləri də daha çox “informasiya tutumlu”dur. Onun dəyəri innovasiyalardan, dizayn həllərindən, marketinq keyfiyyətindən asılıdır. İntellektual əməklə bağlı sənət sahələrini seçən insanların sayı artıb. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə əsas etibarilə informasiyanın emalı ilə məşğul olur. İstehsalatda insanların sayı azalıb, onların yerini robot və manipulyatorlar tutur. İnformasiya xidmətləri bazarı yaranıb və inkişaf edir. İnformasiya məhsul və xidmət növünə çevrilib və bu məhsulu adi əmtəə kimi alıb-satmaq mümkündür.
- Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşıb, asudə vaxtda məşğuliyyətlər dəyişib. Kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutub. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə oyunçunu özündə birləşdirən şəbəkə sisteminə transformasiya olunub. İnternetdə vaxt keçirənlərin sayı artıb. Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edir, lazımi ədəbiyyatı tapıb oxuyurlar. İnternetdə onlayn ünsiyyət xidməti istifadəçilər tərəfindən çox bəyənilir.
- Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edib, özündə müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına gətirib çıxarıb.
- Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular var. Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunub. İnformasiya kabeli rabitə, televiziya kanallarını və İnternetə çıxışı özündə birləşdirir. Xüsusi elektron blok bütün məişət avadanlığına və yaşayış sistemlərinə nəzarət edir.
- Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaranıb.
İnsanlar zamanla ayaqlaşmaq, sənəti dəyişmək və cəmiyyətdə layiqli yer tutmaq üçün ömürboyu oxumaq imkanı qazanıb. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə təhsil ala bilir. Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişib və təlimin tərbiyəvi aspektləri ilə bağlı problemlər yaranır.