6.1 İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Bəşəriyyət yarandığı gündən etibarən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda çalışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə, informasiyanın tədricən çoxalması insana şəxsi biliklərinin az olduğunu hiss etdirməyə başladı. İnformasiyanın düzgün emalı və lazımi qərarların qəbulu üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb edilirdi. Ona görə də insan müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə - informasiya inqilablarına gətirib çıxardı.
FƏALİYYƏT
Hər şəkilin altındakı xanada onun aid olduğu informasiya inqilabının tarixin hansı dövrünü əhatə etdiyini və qısa xarakteristikasını göstərin.
Yazının meydana gəlməsi |
Kitab çapının ixtirası |
Elektrikin kəşfi |
Mikroprosessorun ixtirası |
Dördüncü informasiya inqilabı (XX əsrin 70-ci illəri) - mikroprosessor texnologiyasının ixtirası və fərdi kompüterlərin meydana çıxması bəşəriyyətin sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçməsinə təkan verdi. Bu, bir vaxt bəşəriyyətin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinə bənzəyirdi.
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada insanların əksəriyyəti informasiyanın istehsalı, saxlanması, emalı və onun istifadəsi ilə məşğul olur. Bu, xüsusilə informasiyanın daha yüksək forması olan biliklərə də aiddir.