Bəzən JavaScript-in imkanları yetərli olmur və belə hallarda başqa proqramlaşdırma dillərindən istifadə edilir. Daha çox istifadə olunan dillərdən biri Java dilidir. Onun köməyi ilə ən mürəkkəb alqoritmləri vermək mümkündür. Apletlər - veb-brauzer vasitəsilə avtomatik endirilən və qəbul edənin kompüterində icra olunan kiçik tətbiqi proqramlar, adətən, Java dilində yazılır. Veb-proqramlara HTML dilinin verə bilmədiyi interaktiv imkanlar əlavə etmək üçün apletlərdən istifadə olunur.
Geniş istifadə olunan başqa bir proqramlaşdırma aləti Adobe Flash (keçmiş adı: Macromedia Flash) proqramıdır. Bu alətin köməyi ilə veb-proqramlar, eləcə də multimedia təqdimatları yaratmaq mümkündür. Reklam banerlərinin, animasiyaların, oyunların hazırlanmasında, eləcə də veb-səhifələrdə video və audioyazıların canlandırılmasında bu alətdən geniş istifadə olunur. Adobe Flash vektor, rastr və qismən üçölçülü qrafika ilə işləməyə imkan verir.
ARAŞDIRAQ — öyrənək
- "Qitələr" mövzusunda veb-sayt hazırlayın. Hər bir qitə üçün ayrıca səhifə qurun və baş səhifədən onlara istinadlar qoyun. Baş səhifədə, eləcə də hər bir qitəyə aid səhifədə statistik məlumatları cədvəl formasında təqdim edin. Səhifələrə uyğun görüntülər əlavə edin.
- Veb-proqramlaşdırmada lövbərin (əlfəcin və ya yarlığın; ingiliscə : anchor) nə olduğu, nə məqsədlə yaradıldığı və onun HTML dilində necə yaradıldığı məsələsini araşdırın. Yaratdığınız veb-səhifənin bir neçə yerinə lövbər qoyun. Həmin səhifənin başqa yerlərindən, eləcə də başqa veb-səhifələrdən qoyduğunuz lövbərlərə keçid yaradın. Veb-səhifəni brauzerdə açıb dəyişiklikləri yoxlayın.
- "Doğma şəhərim", yaxud "Doğma kəndim" mövzusunda veb-səhifə hazırlayın. Mövzu ilə bağlı statistik məlumatları (məsələn: ərazisi, paytaxtdan və ya rayon mərkəzindən uzaqlığı, əhalinin sayı və s.) cədvəl formasında göstərin.
- Veb-proqramlaşdırmada interaktiv formaların nə olduğu, nə məqsədlə yaradıldığı və HTML dilində onların necə yaradıldığı məsələsini araşdırın. İstifadəçinin soyadının və adının daxil edilməsi üçün forma səhifəsi hazırlayın. Veb-səhifəni brauzerdə açın və öz soyadınızı, adınızı müvafiq sahələrə daxil edin.
Özünüzü yoxlayın
- HTML dilində cədvəl necə təyin edilir?
- “Sütun” anlayışından istifadə etmədən cədvəlin istənilən xanasını necə təsvir etmək olar?
- Veb-səhifədə istinad göstəricisi nə ola bilər?
- İnteraktiv veb-səhifələr hazırlamaq üçün hansı proqramlaşdırma dillərindən istifadə olunur?
- Adobe Flash proqramının hansı imkanları var?