Nisbi URL-ünvan sənədin istinad göstəricisinin olduğu yerə nəzərən yerləşmə yerini göstərir. Saytın işlənib hazırlanması zamanı ona daxil olan veb-səhifələri nisbi istinadlarla əlaqələndirmək məsləhət görülür. Belə olduqda veb-sayt fayllarını lokal kompüterdə bir qovluqdan başqasına keçirdikdə, yaxud onu internetdəki serverdə yerləşdirdikdə istinadların ünvan hissəsini dəyişdirməyə ehtiyac qalmır.
Veb-səhifələrə interaktivlik vermək üçün HTML dilinin imkanları yetmir və bunun üçün əlavə vasitələrdən istifadə edilir. Belə vasitələrdən biri JavaScript proqramlaşdırma dilidir. Bu dilin köməyi ilə proqramlar (məsələn: istifadəçinin doldurduğu anketlər və ya qeydiyyat formaları) yazılır və onlar HTML-koduna daxil edilir. JavaScript vasitəsilə səhifəni dəyişdirmək, elementlərin üslubunu dəyişmək, teqləri uzaqlaşdırmaq və ya yeni teqlər əlavə etmək olar. Eyni zamanda bu dil istifadəçinin səhifədə etdiyi bütün "hərəkətləri" (istənilən klavişin və ya siçanın düyməsinin basılması, səhifənin fırladılması, ekranın iş sahəsinin böyüdülüb-kiçildilməsi və s.) izləməyə imkan verir. JavaScript-in köməyi ilə çoxlu sayda başqa əməliyyatları da yerinə yetirmək olur. Çox zaman JavaScript dilini Java proqramlaşdırma dili ilə qarışdırırlar, ancaq onlar ayrı-ayrı dillərdir.
JavaScript dilində yazılmış proqramları HTML-faylın istənilən yerinə <script> teqi vasitəsilə yerləşdirmək olar; məsələn:
<!DOCTYPE HTML>
<html>
<head>
<!-- Kodlaşdırmanı göstərən meta teqi -->
<meta charset="utf-8">
</head>
<body>
<p> Sənədin başlanğıcı...</p>
<script>
alert ( 'Salam, Dünya!' );
</script>
<p> ...Sənədin sonu</p>
<body>
</html>
Bu nümunədə <script> ... </script> elementlərindən istifadə olunub. <script> teqi icra kodundan ibarətdir. Brauzer:
FƏALİYYƏT
Yuxarıdakı nümunəni HTML-fayl kimi yazıb saxlayın. Sonra həmin faylı brauzerdə açıb nəticəni izləyin.