Bunların hamısı informasiyanın ötürülmə kanallarıdır. İnformasiyanı bir yerdən başqa yerə göndərmək üçün belə kanalın bir ucunda verici, o biri ucunda isə qəbuledici qurğu olmalıdır.
Səs və videosiqnallar hündür qüllələrdən şüalanan elektromaqnit dalğaları vasitəsilə ötürülür. Hündür qüllələr ona görə lazımdır ki, qısa uzunluqlu dalğalar daha uzaq məsafələrə gedib çata bilsin. Bu dalğalar Günəş şüaları kimi yalnız düz xətt boyunca yayılır. Bu dalğalar hər hansı bir maneə ilə rastlaşdıqda onu aşıb keçə bilmir; məsələn, dağın arxasında bu dalğaları qəbul etmək mümkün deyil.
Yer səthinin əyriliyi də belə dalğalar üçün maneə hesab oluna bilər. Çünki düz xətt üzrə yayılan dalğalar kürə formasında olan Yerin bütün səthi boyu yayıla bilmir. Radiodalğalar Yer səthində yerləşən istənilən obyektə peyklər vasitəsilə çatdırılır: dalğalar düz xətt boyunca əvvəlcə peykə ötürülür, sonra isə peyk onları yenə düz xətt üzrə Yerin səthində yerləşən başqa bir obyektə ötürür.
Ötürmə kanallarının əsas xarakteristikası onların ötürücülük qabiliyyətidir və vahid zamanda ötürülən informasiyanın həcmi ilə ölçülür.
Ötürülən informasiyanın həcmi bu düsturla hesablanır:
Q = v × t.
Burada v - kanalın ötürücülük qabiliyyəti, t - ötürülmə müddətidir.