5.3 SAYTIN TƏRTİBATININ ÖZƏLLİKLƏRİ
- Bu şəkil veb-programlaşdırmanın hansı xüsusiyyətini nümayiş etdirir?
Veb-saytın dizaynı ilə poliqrafiya məhsullarının dizaynı arasında ortaq
cəhətlər
çoxdur. Veb-dizaynerlər də səhifələyicilər kimi mətn və qrafik informasiya ilə işləyir.
Bununla belə, bəzi məqamlar vardır ki, onlar veb-saytın dizaynı üçün vacibdir.
- İstifadəçi səhifəni oxumur, onu gözdən keçirir. Özü də bu zaman onun baxışları çox xaotik ola bilər.
Bu o deməkdir ki, elə bir maket qurmaq lazımdır ki, istifadəçi bir baxışda ondan “baş çıxara”
bilsin, özü üçün lazım olan açar sözləri, görüntüləri tapsın.
- Jurnalın yaradıcı heyəti həmişə üzərində işlədiyi vərəqin ölçülərini dəqiq bilir. Sayt isə müxtəlif
ölçülü monitorlarda təxminən eyni cür görünməlidir. Bu tələbi yerinə yetirmək heç də həmişə asan
olmur.
- Yeni jurnalı əlinə götürən kəs bir baxışda informasiyanın həcmini müəyyənləşdirə bilər. Tanış
olmadığımız sayta daxil olduqda isə biz orada neçə səhifənin olduğunu təxmini də olsa deyə bilmirik.
- Veb-saytın dizayneri həmişə ziddiyyətli vəziyyətlə qarşılaşır. Bir tərəfdən onun maketinin
interfeysi başqa saytlara bənzəməlidir, digər tərəfdən isə orijinal olmalıdır.
AÇAR sözlər
- Atributlar
- Atributlu teqlər
- Rəng sxemi
- Mətnin formatlanması
Veb-saytlar, adətən, multimedialı və interaktiv olur, yəni mətn, görüntü, səs və video materiallarla
yanaşı, hiperistinadları da özündə birləşdirir. Mətnin formatlanması, görüntülərin və hiperistinadların
artırılması zamanı atributlu teqlərdən istifadə edilir. Atributlar və onlara
mənimsədilən qiymətlər açan teqin daxilində yazılır. Bir teqdə aralarında boşluq qoymaqla bir neçə
atribut istifadə etmək olar, eyni bir atribut isə müxtəlif teqlərdə istifadə oluna bilər.