Beləliklə, sənəd <HEAD> və <BODY> teq cütlükləri vasitəsilə iki məntiqi hissəyə bölünür.
<TITLE> teqi. İstifadəsi vacib olan sonuncu teq <TITLE> teqidir. İnternetdə işləyən zaman, yəqin ki, veb-brauzerin başlıq zolağında baxdığınız HTML-sənədin adının əks olunduğunu görmüsünüz. Bu ad HTML-sənədin mətnindəki <TITLE> teqinin məzmunundan götürülür. Əgər bu teq sənəddə yoxdursa, onda səhifənin adı əvəzinə onun URL-ünvanı göstəriləcək. <HEAD> teqlər cütünün arasında yerləşən bu teq də cüt şəklində istifadə olunur və sənədin adını göstərən mətni hər iki tərəfdən əhatəyə alır. Nümunəyə bu teqi də əlavə etsək, onda tamamlanmış görünüşü olan belə bir HTML-sənəd alınar:
<HTML>
<HEAD>
<TITLE>İlk addımlar</TITLE>
</HEAD>
<BODY>
Mənim ilk HTML-sənədim
</BODY>
</HTML>
Diqqət! | <TITLE> teq cütünün yerləşməsindən göründüyü kimi, müxtəlif teqləri bir sətirdə də yazmaq olar. |
Sənəd primitiv görünsə də, tərkibində lazım olan bütün teqlər var və ona veb-brauzerdə baxmaq mümkündür.
Çox vaxt HTML-sənədin adı index.html, default.html və ya home.html olur. Bu adlar veb-serverlərin çoxunda istifadə olunur: konkret faylın adı göstərilmədiyi halda veb-saytın yerləşdiyi kataloqa müraciət edildikdə server avtomatik şəkildə bu adlardan biri olan faylı axtarır.
ADDIM -ADDIM 2
Başlıqlar, şriftlər, siyahılar