HTML-fayllarla işləmək üçün Windows əməliyyat sistemində olan sadə Notepad proqramı da istifadə edilə bilər.
HTML-faylları yadda saxlayarkən faylın uzantısının . html və ya . htm olması çox önəmlidir. Bu halda sənədin hansı sənəd olduğunu asanlıqla müəyyən etmək olar. Belə faylları açarkən brauzer onları adi mətn kimi yox, məhz veb-səhifə kimi tanıyacaq və düzgün əks etdirəcək. İndi yeni yaradılan HTML-faylı ətraflı gözdən keçirək.
<HTML> teqi. Bütün HTML-sənədlər açan və qapadan <HTML> teqlərlə (teq- konteynerlə) başlayıb qurtarmalıdır. Əgər sənəddə açan və ya qapadan teqlər buraxılmış olarsa, onda sənədin bütün digər teqləri də düzgün qəbul olunmayacaq. Qapadan teq sağa əyik cizgi ilə (/) başlamalıdır - məhz bu əlamət teqin qapadan teq olduğunu göstərir. Beləliklə, hər bir HTML-sənəd <HTML> teqi ilə başlayır və </HTML> teqi ilə qurtarır.
<HTML>
Mənim ilk HTML-sənədim
</HTML>
<HEAD> və <BODY> teqləri. Bütün HTML-sənədlər iki məntiqi hissəyə - başlığa və gövdəyə (yəni sənədin özünə) bölünür. Veb-brauzer sənədi düzgün əks etdirmək üçün bu hissələri bir-birindən ayırmalıdır. Ümumiyyətlə, HTML-sənədin başlığı sənəd haqqında əsas məlumatı, gövdəsi isə sənədin məzmununu əks etdirir. Ona görə də əvvəlki misala başlanğıc və son <HEAD> teqlərini (teq cütlərini) əlavə edək.
<HTML>
<HEAD>
</HEAD>
Mənim ilk HTML-sənədim
</HTML>
Sənədin məntiqi bölünməsini tamamlamaq üçün onun gövdəsinin başlanğıcına və sonuna <BODY> teqlərini (teqlər cütünü) əlavə etmək lazımdır, çünki bütün HTML-sənədlərin başlığı (head) olduğu kimi, gövdəsi (body) də olmalıdır:
<HTML>
<HEAD>
</HEAD>
<BODY>
Mənim ilk HTML-sənədim
</BODY>
</HTML>