WWW-da informasiya veb-səhifələr şəklində təqdim edilir. Veb-səhifədə adi mətn və ya hipermətn, eləcə də istənilən başqa növ verilənlər, o cümlədən qrafika, musiqi və ya video ola bilər. Bundan başqa, veb-səhifədə onun yerləşdiyi serverdə və ya İnternetdəki hər hansı serverdə saxlanılan başqa veb-səhifələrə istinadlar yerləşdirilə bilər.
“Hipermətn” terminini ilk dəfə 1969-cu ildə amerikalı sosioloq, filosof və informasiya texnologiyaları sahəsində bir sıra "ilklərin" müəllifi Ted Nelson (1937) təklif edib. Hipermətn şəklində hazırlanmış informasiya ilə yalnız kompüterdə işləmək olar. Onun kağız üzərində dəqiq surətini almaq mümkün deyil. (Şəkildə Hypertext Editing System - HES proqramı nümayiş etdirilir. Broun Universiteti, ABŞ, 1969)
Hipermətn başqa sənədlərə istinadların olduğu mətndir. Bəs hipermətn adi mətndən nə ilə fərqlənir? Ensiklopedik lüğəti yada salın. Hər hansı anlayışı izah edən mətndə bu lüğətdə izahı olan hər hansı sözə rast gəlinirsə, onda həmin söz seçdirilir; siz həmin sözü tapa və uyğun mətni oxuya bilərsiniz. Belə seçdirilmiş sözə, adətən, istinad deyilir. İstinad seçdirilmiş söz və ya sözlər haqqında əlavə informasiya almağa imkan verir. Hipermətn də belə təşkil olunub.
Adi mətnin oxunma texnikasına görə, bir səhifə oxunduqdan sonra növbəti səhifəyə keçilir. Hipermətn texnologiyasında isə heç bir oxuma ardıcıllığı yoxdur: hiperistinaddan istifadə etməklə bir səhifədən başqasına asanlıqla keçmək mümkündür. Çox zaman istinad mətnin rəngini fərqləndirmək, yaxud altından xətt çəkməklə seçdirilir. Bu halda həmin istinada hiperistinad, yaxud hiperəlaqə deyilir. Ayrıca söz, cümlə, yaxud qrafik obyekt hiperistinad ola bilər. Siçanın göstəricisini hiperistinadın üzərinə apardıqda göstərici formasını dəyişir.
Veb-səhifələr WWW-da veb-serverlərdə bir-biri ilə əlaqəli şəkildə yerləşdirilir. Veb-səhifələrin belə əlaqəli yığınına veb-sayt deyilir. Veb-sayt ayrıca bir şəxsə və ya quruma aid ola bilər.
Saytın hazırlanmasında müxtəlif ixtisaslı insanlar - dizaynerlər, proqramçılar, menecerlər iştirak edirlər. İri şirkətlərdə hər kəs öz işi ilə məşğul olur. İstənilən halda veb-layihə bir neçə mərhələdən ibarətdir:
1. Layihələndirmə. Bu mərhələni layihənin meneceri həyata keçirir. Burada layihə haqqında ətraflı məlumat toplanılır, qarşıya müəyyən məqsədlər qoyulur və büdcə planlaşdırılır. Bütövlükdə layihənin uğurlu olması məhz bu işlərin nə dərəcədə bacarıqla görülməsindən asılı olur. Bu mərhələnin nəticəsində texniki tapşırıq hazırlanır.