İnsan beyni informasiyanı saxlamaq üçün ən mükəmməl vasitədir. Yaddaşda olan informasiya isə təkcə bir şəxsə məxsus olur. İnformasiyadan başqa insanların da yararlana bilməsi üçün onları digər vasitələrdə saxlamaq imkanı olmalıdır.
Cəmiyyət inkişaf etdikcə informasiyanı saxlamaq üçün müxtəlif vasitələr tapılıb və onlar zaman-zaman təkmilləşdirilib: iplərə vurulmuş düyünlər, ağac və daş üzərində nişanlar, papirus yazıları, kağız və s. İnformasiyanı saxlamaq üçün etibarlı vasitələrin axtarılması işi bu gün də davam edir.
İnformasiyanı saxlamaq üçün ən geniş istifadə olunan daşıyıcı kağızdır. Eramızın II əsrində Çində ixtira olunmuş kağız bu gün də insanlara xidmət edir.
Qədim dövrlərdə kitabların üzünü əl ilə köçürürdülər və bu işlə xüsusi insanlar məşğul olurdular. Qalın bir kitabın üzünü köçürməyə 4-5 il vaxt gedirdi. Hazırda kompüterlərlə idarə olunan yüksək texnologiyalı avadanlıqlarda çap edilən kitabların sayı ildən-ilə artır. Bu qədər kitabı kitabxanalarda yerləşdirmək günümüzün ən böyük problemlərindən birinə çevrilmişdir.
İnformasiyanın saxlanması üçün XX əsrdə yeni vasitələr - perfokartlar, perfolentlər, maqnit lentləri və maqnit diskləri, lazer disklər, fləş-yaddaş meydana çıxdı. Bütün bunlar, yəni informasiyanı saxlamaq üçün vasitələr informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcıları informasiyanı saxlamaqla yanaşı, həm də onun ötürülməsinə xidmət edir.
FƏALİYYƏT2
Son zamanlar dünyada “Bulud texnologiyası"ndan geniş istifadə olunur. “Bulud saxlancı” (Cloud storage) barədə məlumat toplayın və suallara cavab verin:
Topladığınız materiallar (mətn, şəkil, video) əsasında təqdimat hazırlayın.
İnformasiyanın ötürülməsi onun yayılmasını təmin edir. Müasir dünyada informasiyanın ötürülməsi üçün radio, televiziya ötürücülərindən, telefon, rabitə şəbəkələrindən istifadə olunur.