İnternetin ən populyar xidmətlərindən olan “Dünya hörümçək toru”nun (World Wide Web, WWW) əsası ötən əsrin 80-ci illərinin sonunda Cenevrədə Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) qoyulub. Bu xidmət alimlərin istənilən tipli informasiyanı sürətlə bir-birinə ötürməsi üçün bir universal mühit kimi düşünülüb. Elə bir mühit ki, orada istinadlar dünyanın istənilən yerində yerləşən hipermətn obyektlərini göstərə bilsin. Nəticədə WWW sisteminin özü, hipermətnin nişanlama dili HTML (HyperText Markup Language) və birformalı resurs göstəricisinin (Uniform Resource Locator, URL) köməyi ilə ünvanlama üsulu işlənib hazırlandı. Bundan başqa, veb-səhifələrə baxmaq üçün ilk proqram - brauzer, ilk veb-server yaradıldı və onların qarşılıqlı əlaqəsi üçün protokol - HTTP (HyperText Transfer Protocol) işlənib hazırlandı.