Nəticədə iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Korpusu, adətən, ağ plastmasdan hazırlanır və üzərində kabelləri taxmaq üçün 3 yuva olur: onlar uyğun olaraq “Line” (xətt), “Phone” (telefon), “ADSL” (yaxud “Modem”) kimi işarələnir. “Line” adlı yuvaya qoşulan kabelin o biri ucu telefon xəttinə qoşulur. “Phone” yuvasına taxılan kabel splitteri telefon aparatı ilə birləşdirir. “ADSL” (və ya “Modem”) adlanan yuva isə kompüterə qoşulmuş modemlə birləşmə üçün nəzərdə tutulub. Qoşulmalar düzgün qaydada aparılıbsa, İnternetdə işləyərkən telefon danışıqlarından da istifadə edə bilər.
Adi telefon xəttinin olmadığı yerlərdə İnternetə bağlanmanın başqa bir növündən - kabel televiziyası şəbəkəsi vasitəsilə qoşulmadan istifadə etmək olar. Bu texnologiyada qoşulma sxemi belədir: kabel televiziyası mərkəzinin standart yayım qurğusu verilənlərin ötürülməsi üçün baş modem adlandırılan xüsusi qurğuya, sonra isə yönləndirici vasitəsilə yüksəksürətli İnternet kanalına qoşulur. Bundan sonra istifadəçinin kompüterində istənilən şəbəkə kartı quraşdırılır və o xüsusi kabel modemi ilə əlaqələndirilir, modem isə öz növbəsində antena çıxışına birləşdirilir. Televizora əlavə qurğu qoşmaqla belə bağlantı vasitəsilə adi televiziya kanallarına baxmaq da mümkündür.
Son zamanlar İnternetə qoşulmaq üçün GPRS, Wi-Fi, WiMAX kimi simsiz texnologiyalar daha populyar olub.