Adətən, provayderdən alınmış istifadəçi adının və parolunun da daxil edilməsi tələb olunur. Hər şey uğurlu alınarsa, yəni modem ortaqlığı ilə bağlantı alınarsa, kompüteriniz İnternet şəbəkəsinin bir bəndi olur.
Kommutasiyalı bağlantı nə qədər sadə və geniş yayılmış olsa da, müəyyən çatışmazlıqlara malikdir. Birincisi, modemi provayderlə bağlayan telefon xətti İnternetdə olduğunuz müddətdə məşğul olur. İkincisi, belə bağlantıda verilənlərin ötürülmə sürəti ən çoxu 56 Kbit/saniyə olur.
Son zamanlar İnternetə kommutasiyalı bağlantı vasitəsilə qoşulmanın bir növündən - mobil rabitə şəbəkəsi üzərindən qoşulmadan tez-tez istifadə olunur. Mobil telefonu modem kimi istifadə etməklə istifadəçi dünyanın istənilən yerindən internetə asanca qoşula bilər.
Adi telefon xəttindən istifadə etməklə İnternetə daha yüksək sürətlə də qoşulmaq mümkündür. ADSL (Asymmetric Digital Subscriber Line - asimmetrik rəqəmli abunəçi xətti) adlandırılan bu yeni texnologiya İnternet rabitə vasitələrinin xDSL ailəsinə, genişzolaqlı texnologiyalar sinfinə aiddir. Bu texnologiyada verilənlərin ötürülməsində səs (danışıq) üçün ayrılmış tezliklər zolağından yuxarıda yerləşən (4 KHs-dən yuxarı) diapazondan istifadə olunur, buna görə də adi telefon trafikini və verilənləri eyni bir rabitə xətti ilə ötürmək olur.
ADSL texnologiyası ilə qoşulma sxemi belədir: abonentin olduğu yerdə ADSL- modem quraşdırılır və o, telefon aparatına paralel qoşulur (bəzən xüsusi tezlik bölüşdürücüsü - splitter gərəkli olur). ATS tərəfdə abonentin telefon xətti DSLAM (DSL Access Multiplexor) avadanlığına bağlanır. Verilənlərin alınmasında mümkün maksimal sürət (8 Mbit/san) konkret telefon xəttinin xarakteristikalarından asılı olur. Xətt nə qədər qısa, kabelin telinin kəsimi (diametri) nə qədər böyük olarsa, maksimal sürəti almaq ehtimalı da böyük olur.
Splitter yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulub. ADSL-splitter bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə mane olmur və nəticədə istifadəçi bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. ADSL-splitter səs siqnallarının tezliyini (0.3 - 3.4 kilohers) və ADSL-modemin tezliyini (26 kilohers - 1.4 meqahers) bir-birindən ayırır.