Şəbəkələrdə müəyyən məqsədlər üçün nəzərdə tutulmuş başqa avadanlıqlara da rast gəlinir; məsələn, şəbəkəni altşəbəkələrə ayırmaq və ya lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudan - körpüdən istifadə olunur. Bəzən körpü rolunu uyğun proqram təminatı ilə təchiz olunmuş kompüter də yerinə yetirə bilir. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu olaraq şəbəkə keçidi, yaxud şlüzdən tətbiq olunur; məsələn, PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şlüzdən istifadə olunur. Eyni tipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq, şlüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənlərin formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır.
ARAŞDIRAQ — öyrənək
Tutaq ki, məktəbinizdə simsiz lokal şəbəkə yaratmaq işini sizə tapşırıblar. Belə bir şəbəkəni qurmaq üçün hansı avadanlıqların lazım olacağını müəyyənləşdirin və həmin şəbəkənin sxemini qurun. Masaüstü kompüterləri bu şəbəkəyə necə qoşacaqsınız?