ARAŞDIRAQ — öyrənək
Tutaq ki, sizə bir serverdən və beş iş stansiyasından ibarət lokal şəbəkə qurmaq üçün qiymət təklifi vermək tapşırılıb. Şəbəkə avadanlıqlarının satışı ilə məşğul olan yerli şirkətlərin saytlarında araşdırma aparın və tələb olunan qiymət təklifini hazırlayın.
Mobil qurğuların (noutbukların, printerlərin və s.) stasionar lokal şəbəkəyə çıxışını təmin etmək üçün çox zaman simsiz erişim nöqtələrindən (wireless access point, WAP) istifadə olunur. Simsiz erişim nöqtəsi mövcud naqilli və ya naqilsiz şəbəkəyə naqilsiz girişi təmin etmək, yaxud tamamilə yeni naqilsiz şəbəkə yaratmaq üçün nəzərdə tutulmuş baza stansiyasıdır. Bu qurğulardan “qaynar nöqtələr” adlandırılan sahələrdə - müştərilərə ödənişsiz İnternet xidməti göstərilən yerlərdə istifadə olunur. Adətən belə nöqtələr kitabxanalarda, hava limanlarında, iri şəhərlərin küçə kafelərində yerləşir.
Son zamanlar ev şəbəkələrinin yaradılması zamanı da simsiz erişim nöqtələrinə maraq artıb. Bir mənzil daxilində belə bir şəbəkənin yaradılması üçün bir simsiz erişim nöqtəsi yetərlidir.
Simsiz şəbəkələrin yaradılması zamanı kompüterlərdə Wi-Fi adapterlərinin olması zəruridir. Müasir daşınabilir kompüterlər belə adapterlərlə təchiz olunur. Əgər kompüterdə belə bir adapter yoxdursa, onun USB portuna taxılan Wi-Fi adapterindən istifadə etmək olar.
Tipik kompüter şəbəkəsinin sxemi