802.11a protokollarında olan simsiz bağlantı 2.4 GHs tezlikdə işləyir. Həmin tezlikdə mikrodalğalı sobalar da çalışır. Ona görə də əgər noutbukla sobaya yaxınlaşsanız, bağlantı kəsiləcəkdir.
Verilənləri uzaq məsafələrə ötürmək üçün optik lif kabellərindən istifadə olunur. Bu kabellərdə informasiya işıq şüası vasitəsilə ötürülür.
Mövcud standartla verilənlərin ötürülməsi sürəti 10 Mbit/san, 100 Mbit/san, 1 Gbit/san və 10 Gbit/san müəyyən olunur.
Ola bilər, siz hava limanlarında tətbiq olunan toparlayıcı (ingiliscə: hub) sözünü eşitmisiniz. Səyahətçilər bir yerdən başqa yerə getmək üçün müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcı bənzər şəkildə işləyir. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür, yəni toparlayıcının portuna qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.
Kompüterləri “ulduz” sxemi üzrə vahid şəbəkədə birləşdirmək üçün çox zaman kommutator və ya svitç adlanan qurğular tətbiq olunur. Toparlayıcılardan (hablardan) fərqli olaraq kommutatorlar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür. Kompüter kommutatorla hər iki ucunda RJ-45 bağlayıcısı olan və “patç-kord” (ingiliscə: patching cord - birləşdirici ip) adlandırılan kabel parçası ilə birləşdirilir.
Adətən lokal şəbəkədə olan kompüterlər internetə bir rabitə kanalı vasitəsilə bağlanır. Lokal şəbəkəni İnternetlə əlaqələndirmək üçün yönləndirici və ya router lazımdır. Yönləndirici yol polisinə bənzəyir; bu “ağıllı” qurğu şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, başqası başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəlisi (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ yollara istiqamətləndirə bilər.
Kompüterləri naqilli şəbəkədə birləşdirmək adətən divarlar və tavan boyu çoxlu kabellərin çəkilməsini tələb edir. Naqilli şəbəkələrdə həm də qurğuların yerləşməsinə müəyyən məhdudiyyətlər yaranır. Ancaq naqilsiz şəbəkələrin belə çatışmazlıqları yoxdur. Minimal fiziki əmək, zaman və material sərf etməklə belə şəbəkələrə kompüterlər və başqa naqilsiz qurğular artırmaq olar.