Aktiv şəbəkə avadanlıqları təkcə siqnalları qəbul edib göndərmir, eyni zamanda həmin texniki informasiyanı emal etməklə daxil olan paketləri öz daxili yaddaşındakı alqoritmlər əsasında yönləndirir.
Diqqət! | “Ethernet” latın dilində “efir” mənasını verən “aether" sözündəndir və “ezernet” kimi tələffüz olunur. |
Passiv avadanlıqlar dedikdə elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanmayan və siqnalların paylanması və ya səviyyəsinin endirilməsi funksiyalarını yerinə yetirən avadanlıqlar nəzərdə tutulur; məsələn: kabellər, onların uclarına taxılan bağlayıcılar və s. Passiv avadanlıqlara kabellərin keçdiyi yolları - kabel novlarını, montaj şkafları və dayaqlarını, telekommunikasiya şkaflarını da aid edirlər.
İndi bu avadanlıqlarla daha yaxından tanış olaq. Kompüteri kabel şəbəkəsinə qoşmaq üçün onun şəbəkə interfeys kartı (network interface card, NIC) olmalıdır. Ona bəzən, sadəcə, şəbəkə kartı, yaxud Ethernet adapteri də deyilir. O, ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə şəbəkə kartının olub-olmadığını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın böyüdülmüşünə oxşayır, yalnız ora telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır.
Lokal şəbəkədə olan avadanlıqları bir-birinə birləşdirmək üçün şəbəkə kabelindən istifadə olunur. Belə kabel kompüterlərlə mərkəzi qurğu arasında siqnalları ötürür. Şəbəkə kabeli rəsmi olaraq CAT5 kabeli və ya 5-ci kateqoriyalı kabel adlandırılır. Sarınmış cütlük kabelinin bu kateqoriyası səkkiz naqildən ibarətdir və bu naqillər cüt-cüt bir-birinə sarınıb. Bu kabeldən həm telefonların, həm də kompüterlərin qoşulmasında istifadə olunur. Şəbəkə kabelləri rənginə və uzunluğuna görə seçilir. Kabelin hər iki ucunda onu rahat qoşub-açmaq üçün RJ-45 bağlayıcısı (konnektoru) olur. Hazırda belə kabellərlə qurulmuş və verilənlərin ötürülmə sürəti 100 Mbit/san olan “ulduzşəkilli” şəbəkələr daha geniş yayılıb.