Regional şəbəkə bir rayon, şəhər və ya bölgə çərçivəsindəki çoxlu sayda lokal şəbəkələrin birləşdirilməsindən əmələ gələn şəbəkədir.
Qlobal şəbəkə müxtəlif şəhər, bölgə və ölkələrin kompüterlərini birləşdirən şəbəkədir.
Qlobal, regional və lokal şəbəkələrin birləşməsi çoxsəviyyəli iyerarxiya yaratmağa imkan verir. Lokal şəbəkələr hansısa regional şəbəkəyə daxil ola bilər; regional şəbəkələr qlobal şəbəkədə birləşə bilər; nəhayət, qlobal şəbəkələrin özləri daha böyük strukturlar təşkil edə bilər. Hazırda dünyada kompüter şəbəkələrinin ən nəhəng birləşməsi "şəbəkələr şəbəkəsi" olan İnternetdir.
Diqqət! | "İnternet" termini IP protokolu ilə birləşmiş şəbəkələrdən ibarət konkret qlobal sistemə aid işlədildikdə xüsusi isim kimi qəbul edilir və böyük (baş) hərflə yazılır. Ümumi istifadədə və kütləvi informasiya vasitələrində tez-tez kiçik hərflə yazılır (the internet). Bəzi soraq kitablarında göstərilir ki, bu söz isim kimi işlədildikdə böyük, sifət kimi işlədildikdə isə kiçik hərflə yazılmalıdır. İnterneti bəzən, sadəcə, Şəbəkə (the Net) də adlandırırlar. |
Lokal və qlobal şəbəkələrin əlaqəsinə maraqlı örnəklərdən biri virtual özəl şəbəkədir (Virtual Private Network, VPN). Belə şəbəkə hər hansı təşkilatın müxtəlif ərazilərdə yerləşən iki və ya daha çox lokal şəbəkəsinin qlobal şəbəkələrin ümumi istifadəli kanalları vasitəsilə (məsələn, internet üzərindən) birləşdirilməsi nəticəsində alınır.