"İnformatika" terminini ilk dəfə 1957-ci ildə alman alimi Karl Şteynbux işlətmişdir (almanca: "informatik”). 1962-ci ildə Filipp Dreyfus "informatique" sözünü fransız dilinə daxil etmiş, sonra isə bu söz "informatics” şəklində ingilis dilinə çevrilmişdir.
İnformasiya prosesləri bir-biri ilə sıx bağlıdır; məsələn, informasiyanın toplanmasını informasiyanın ötürülməsindən ауrı düşünmək olmaz.
İnformasiyanın saxlanması, ötürülməsi və emalı ilə bağlı məsələləri insanlar bütün dövrlərdə həll etmişlər: qazanılmış bilikləri nəsildən-nəslə ötürmək, saxlanclardan zəruri kitabları axtarıb tapmaq, məxfi yazışmaları şifrləmək lazım gəlmişdir. XIX əsrin sonlarında kitabxanalarda sənədlərin sayı o qədər çoxalmışdı ki, toplanmış informasiyanın saxlanması və axtarışı məsələsinin həlli üçün elmi yanaşmaların tətbiqi zəruri olmuşdu. Bu zaman sənədli informasiyanı, yəni sənədlər (kitablar, jurnallar, məqalələr və s.) şəklində olan informasiyanı öyrənən yeni elmi istiqamət meydana çıxdı. Bu istiqaməti ingilis dilində "information science" (informasiya elmi, informasiya haqqında elm) adlandırdılar.
Kompüter texnikasının tətbiqi çox zəhmət tələb edən işləri avtomatlaşdırmaqla informasiya ilə işləmək sahəsində insanların imkanlarını əhəmiyyətli dərəcədə artırdı. XX əsrin ortalarında informasiya prosesləri elmi araşdırmaların mövzusu oldu və informasiya proseslərini öyrənən elm - informatika meydana çıxdı. Hesab edilir ki, "informatika" sözü iki sözün - "informasiya" və "avtomatika" sözlərinin birləşdirilməsi nəticəsində yaranıb. Beləliklə, informatika "informasiya ilə avtomatik iş" anlamını verir. İngilisdilli ölkələrdə "informatika" əvəzinə "computer science" (kompüterlər haqqında elm) terminindən istifadə olunur.
XX əsrin 70-ci illərində müstəqil elm sahəsinə çevrilən çağdaş informatika kompüter sistemlərinin köməyi ilə informasiyanın emalının nəzəriyyə və praktikasını öyrənir.
Adətən, informatikaya aşağıdakı elmi istiqamətlər aid edilir: