Elektron hesablama maşınlarının (EHM) yaranmasından, demək olar ki, dərhal sonra proqram və aparat resurslarından daha səmərəli istifadə etmək üçün onların arasında əlaqə qurmaq məsələsi gündəmə gəldi. Elə həmin çağlar yalnız nəhəng kompüter mərkəzlərindəki böyük EHM-ləri birləşdirən ilk şəbəkələr meydana çıxdı. Ancaq əsil "şəbəkə partlayışı" fərdi kompüterlərin geniş yayılmasından sonra başlandı. Kompüterlər lokal şəbəkələrdə birləşdirildi, lokal şəbəkələr isə bir-birinə, eyni zamanda regional və qlobal şəbəkələrə qoşuldu. Nəticədə 20-25 ildə dünyada yüz milyonlarca kompüter şəbəkədə birləşdi, milyarddan çox istifadəçi isə bir-biri ilə əlaqə qurmaq imkanı əldə etdi. İndi inamla söyləmək olar ki, kompüter şəbəkələri həyatımızın ayrılmaz hissəsinə çevrilib, onların tətbiq sahələri isə insan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir.