3.9 HESABATLAR
Yəqin ki, hər ayın sonunda evinizə kommunal xidmətlərdən istifadə üzrə borcunuzu əks etdirən qəbzlər təqdim edilir.
Hesabat verilənlərin ekrana, printerə və ya fayla çıxarılan formatlanmış təqdimatıdır. Hesabat cədvəl şəklində və ya sərbəst formada ola bilər. Cədvəl hesabatında çap edilən hər bir sətir cədvəl faylının bir yazısı, sətrin hər bir elementi isə ya ilkin cədvəlin bir sahəsi, ya da hesablanılan bir sahə olur. Cədvəldəki verilənlər nizamlanır. Verilənləri siyahı şəklində çap etmək üçün cədvəl hesabatlarından istifadə olunur. Ancaq məktubların və ya poçt etiketlərinin hazırlanması zamanı cədvəlin sahələri onlar üçün xüsusi ayrılmış yerlərdə çap edilməlidir. Bu halda cədvəl hesabatı yaramır və ona görə də sərbəst formalı hesabatlardan istifadə olunur. Verilənlər bazasının idarəedilməsi sistemləri hər bir cədvəl üçün avtomatik olaraq standart formatlı sərbəst hesabat hazırlayır. Belə sərbəst hesabatda ilkin cədvəlin sahələri şaquli yerləşir. Hesabat konstruktorunun köməyi ilə siz sərbəst hesabatlar yarada, ilkin cədvəlin sahələrini orada istədiyiniz yerə qoya bilərsiniz.
Hesabatlar verilənlər bazasının obyekti olub informasiyanın çıxışı üçün nəzərdə tutulur. Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ekrana deyil, çapa çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız sənəddir.
Hesabatın strukturu da formanın strukturuna oxşayır. Formada olduğu kimi, hesabatın səhifəsində də ayrıca bir yazının, yaxud bir neçə yazının verilənləri yerləşə bilər. Bundan başqa, hesabatda tərtibat üçün zəruri olan xüsusi elementlərdən (məsələn: kolontitullardan, təkrarlanan başlıqlardan və s.) istifadə edilə bilər.
Hesabatlar istər birbaşa cədvəllər, istərsə də sorğular əsasında formalaşdırıla bilər. Kompüter hesabatlarının rahatlığı ondadır ki, onlar informasiyanı verilmiş əlamətlərə görə qruplaşdırmağa, qruplar və bütün baza üzrə yekunlar hesablamağa imkan verir. Hesabatları sehrbaz vasitəsilə yaratmaq, konstruktor rejimində isə korrektə etmək daha əlverişlidir.