Əgər bizə bütün göy rəngli avtomobilləri tapmaq lazımdırsa, onda kompüterə belə bir sorğu verilməlidir:
rəngi = “göy”
Sahibinin soyadı Məmmədov olan avtomaşını axtarmaq üçün sorğu belə olacaq:
sahibi = “Məmmədov”
Sorğuda hesab əməllərindən də istifadə etmək olar.
Aşağıdakı sorğu buraxılış ilindən 3 il və daha artıq müddət keçmiş avtomobilləri tapmağa imkan verir:
qeydiyyat_ili - buraxılış_ili > 3
Bu baxılan sorğularda axtarış aparılan sahələrin qiymətləri qabaqcadan bilinir. Ancaq çox zaman qiymətlər tam məlum olmur. Bu halda sorğunu örnəklər (şablonlar) vasitəsilə vermək əlverişli olur. Şablonlarda sahənin qiyməti dəqiq deyil, ulduz (*) və sual işarəsinin (?) köməyi ilə verilir. Sual işarəsi sahənin qiymətinin uyğun yerində istənilən simvolun ola biləcəyini göstərir. Ulduz işarəsi də sahənin qiymətinin uyğun yerində istənilən simvolun ola biləcəyini göstərir, ancaq bu halda bir “*” işarəsinin yerində istənilən sayda simvol ola bilər.
Tutaq ki, sahiblərinin soyadı “C” hərfi ilə başlayan avtomobilləri tapmaq tələb olunur. Bu halda sorğu
sahibi = “C*”
şəklində olacaq. Əgər bizi sahibinin soyadı “Cəlilli”, yaxud “Cəmilli” olan avtomobillər maraqlandırırsa, sorğunu belə vermək olar:
sahibi = “Cə?illi”
Nömrəsində 3 rəqəmi olan maşınları tapan sorğu aşağıdakı şəkildə olacaq:
nömrə_nişanı = “*3*”
İndiyədək qurduğumuz sorğuların hamısında yalnız bir sahə iştirak edirdi. Belə sorğulara sadə sorğular deyilir. Çox zaman axtarışı bir neçə sahə üzrə aparmaq lazım gəlir; məsələn, tutaq ki, bizə bütün qara “Mercedes”lərin siyahısı lazımdır. Doğrudur, markası = “Mercedes” sorğusu bütün “Mercedes”ləri tapmağa imkan verəcək, ancaq onların içərisində hər cür rəngliləri olacaq. Eynilə, rəngi = “qara” sorğusu bütün qara rəngli avtomobilləri seçib ayıracaq, yəni seçilmiş maşınların içərisində hər markadan avtomobil ola biləcək. Belə məsələləri həll etmək üçün mürəkkəb sorğulardan istifadə olunur. İki sadə sorğunun birləşməsindən ibarət olan
markası = “Mercedes” and rəngi = “qara”
sorğusu məhz bizə lazım olan siyahını verəcək.