1.1 İNFORMASİYA VƏ İNFORMATİKA
FƏALİYYƏT
"Bu gün sentyabr ayının on beşidir" məlumatını bilikləriniz əsasında emal edib yeni informasiya alın.
- Hansı yeni informasiya aldınız?
- Göstərilən tarix Azərbaycan və şəxsən sizin üçün nə ilə əlamətdardır?
İnformasiya latın dilindəki "informatio" sözündən olub “məlumat, ifadə, izah” deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.
Praktikada, əsasən, “informasiya” əvəzinə “verilənlər” və ya “bilik” sözlərindən istifadə olunur. Buna səbəb həmin terminlər arasında çox incə fərqin olmasıdır. İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdəsindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış) informasiyanı elmi ədəbiyyatda verilənlər adlandırırlar; nəzərdə tutulur ki, kompüter onlar üzərində hansısa əməliyyatlar apara bilir, ancaq onların mənasını anlamır. Verilənlərin informasiya olması üçün onları anlamaq və dərk etmək lazımdır, buna isə yalnız insan qadirdir. Əgər məlumatı alan insan onun yazıldığı dili bilirsə, o həmin məlumatın mənasını anlaya, yəni informasiya ala bilər. İnformasiyanı emal etməklə və nizamlamaqla insan qanunauyğunluqları aşkarlayır, yəni bilik qazanır.
Verilənlər hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur.
Məsələn, kompüterə daxil edilən, müəyyən üsulla emal olunan və çıxışa verilən ‘19091985’ və ya ‘VD51FGD’ simvollar sətri verilənlərdir.
İnformasiya mənası olan verilənlərdir. Biz simvollar sətrinin nə ifadə etdiyini biliriksə, o, informasiya olur.