3.2
MEXANİKİ İŞ VƏ GÜC
Şagirdlərdən ibarət iki komanda kəndirdartmada yarışır. Sağdakı komanda çox çalışdıqdan sonra qalib gəlir.
Mexaniki iş. Mexaniki iş cismə təsir edən
əvəzləyici qüvvənin qiymətindən, istiqamətindən
və qüvvənin tətbiq nöqtəsinin yerdəyişməsindən
asılıdır.
● Mexaniki iş - cismə təsir edən qüvvənin modulu, yerdəyişmənin modulu və bu qüvvə ilə yerdəyişmə
vektorları arasında qalan bucağın kosinusu hasilinə bərabərdir:
A = F⋅s⋅cosα. (3.8)
İş skalyar fiziki kəmiyyətdir, lakin digər skalyar fiziki kəmiyyətlərdən (məsələn, yol, kütlə, sahə və s.) fərqli olaraq o həm sıfır, həm müsbət, həm də mənfi işarəli ola bilir. İşin işarəsi cismə tətbiq olunan qüvvənin təsir istiqamətilə onun yerdəyişməsinin əmələ gətirdiyi bucaqdan asılıdır (a):
a) | əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə vektorları iti bucaq əmələ gətirərsə: 0° ≤ α < 90°, bu halda cosα > 0 olur və qüvvənin gördüyü iş müsbətdir: A > 0; |
b) | əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə vektorları kor bucaq əmələ gətirərsə: 90° < α ≤ 180°, bu halda cosα < 0 olur və qüvvənin gördüyü iş mənfidir: A < 0; |
c) | əgər cismə təsir edən qüvvə yerdəyişməyə perpendikulyardırsa: α = 90°, bu halda cosα=0 olur və həmin qüvvə iş görmür: A = 0. |