2.9
SÜRTÜNMƏ QÜVVƏSİ.
SÜRTÜNMƏ QÜVVƏSİNİN
TƏSİRİ ALTINDA HƏRƏKƏT
Sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi bir-birinə toxunan cisimlər arasında yaranır və toxunan səthlər boyunca onların nisbi hərəkətinin əksinə yönəlir. Sürtünmə qüvvəsinin yaranmasına səbəb toxunan səthlərin kələ-kötür olması və bu səthlərin molekulları arasında “ilişmə qüvvələrinin” (cazibə xarakterli qüvvələrin) yaranmasıdır. Molekullar arasında belə qüvvələrin yaranması sürtünmə qüvvəsinin elektromaqnit təbiətli olduğunu müəyyənləşdirir.
Sürtünmə qüvvəsinin üç növü var: sürüşmə, diyirlənmə və sükunət sürtünmə qüvvələri.
● Sürüşmə sürtünmə qüvvəsi - bir cismin səthində digər cisim sürüşdükdə yaranan sürtünmə
qüvvəsidir.
● Diyirlənmə sürtünmə qüvvəsi - bir cismin səthində digər cisim diyirləndikdə yaranan sürtünmə
qüvvəsidir.