Dinamikanın əsasını İ.Nyutonun üç qanunu təşkil edir. Bu qanunlar çoxsaylı müşahidə və eksperimentlərin
ümumiləşdirilməsinin nəticəsidir. İlk təcrübi ümumiləşməni XVII əsrdə yaşamış Q.Qaliley etmişdir. O
sizin apardığınız araşdırmaya bənzər eksperimentlər nəticəsində ətalət prinsipini
formalaşdırmışdır:
● Əgər cismə başqa cisimlər təsir edirsə və onların bu təsirləri bir-birini tarazlaşdırırsa, cisim
ya
düzxətli bərabərsürətli hərəkət edər, yaxud da sükunətdə qalar.
Qalileyin ətalət prinsipinə istinad edən Nyuton dinamikanın I qanununu formalaşdırır. Hazırda Nyutonun I
qanunu belə ifadə olunur:
● Elə hesablama sistemləri vardır ki, həmin sistemlərə görə cismə digər cisimlər təsir
etmədikdə (və ya təsirlər bir-birini kompensasiya etdikdə) o, sükunətdə qalır və ya
düzxətli bərabərsürətli hərəkət edir.
Nyutonun I qanununun ödənildiyi bu hesablama sistemi ətalət hesablama sistemi (və ya inersial hesablama sistemi) adlanır. Yerə nəzərən sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olan sistemlərə təqribən ətalət hesablama sistemləri kimi baxıla bilər. Məsələn, düzxətli bərabərsürətli hərəkət edən lokomotivlə bağlı hesablama sistemi ətalət hesablama sistemi qəbul oluna bilər.
Qeyd edək ki, “ətalət hesablama sistemi” anlayışı elmi abstraktdır. Real həyatda belə bir sistem mövcud deyildir, çünki təbiətdə mütləq sükunətdə olan cisim yoxdur.