1.6
CİSMİN SƏRBƏSTDÜŞMƏSİ
XVI əsrin sonlarında italyan
alimi Qalileo Qaliley böyük bir
kəşfə yol açan sadə eksperiment
aparır. O, İtaliyanın Piza
şəhərindəki əyri qüllədən iki
müxtəlif kütləli cismi eyni anda
sərbəst buraxdıqda onların Yer
səthinə eyni təcillə düşdüyünü
müəyyən edir.
- Hündürlükdən düşən cisimlərin hərəkəti hansı xarakterlidir? Nə üçün?
- Qalileyin apardığı bu eksperimentdən çıxan mühüm nəticə nədir?
1
Cisimlərin eyni vaxtda düşməsinə səbəb nədir?
Təchizat: Nyuton borusu, Kamovski nasosu, rezin şlanq.
Cihazın təsviri: Nyuton borusu -
qalındivarlı, bir tərəfi bağlı, digər tərəfində kran olan uzunluğu 1 m-dən azca böyük şüşə
borudur. Borunun içərisinə ölçüsü və çəkisi müxtəlif olan üç cisim - qırma dənəsi, mantar və quş
lələyi salınmışdır (
a).
İşin gedişi:
- Borunu şaquli vəziyyətdə saxlayın, sonra onu cəld 180° çevirib içərisindəki cisimlərin
borunun dibinə düşmə ardıcıllığını müşahidə edin (bax: a).
- Borunu nasosa birləşdirib içərisindəki havanı çıxarın. Kranı bağlayın, təcrübəni
təkrarlayın, sərbəst düşən cisimlərin borunun dibinə çatma prosesini izləyin (b).
Nəticənin müzakirəsi:
- Havası çıxarıldıqdan sonra cisimlərin borunun dibinə düşməsində qeyri-adi nə müşahidə
etdiniz?
- Araşdırmalardan cisimlərin sərbəstdüşmə hərəkətinin xarakteri haqqında hansı nəticəyə
gəldiniz?
Yerdə ən çox rast gəlinən bərabərtəcilli hərəkət cisimlərin havada sərbəstdüşməsidir.
Yer səthindən qaldırılan, dayağı və asqısı olmayan cisimlərin düşməsi sərbəstdüşmədir.
● Sərbəstdüşmə — cismin yalnız ağırlıq qüvvəsinin təsiri altında düşən hərəkətidir.
Belə hərəkət g
təcili ilə bərabəryeyinləşəndir.
Cisimlərin sərbəstdüşməsini ilk dəfə XVI əsrin sonlarında italyan alimi Qalileo Qaliley araşdırmışdır. O,
eyni diametrli müxtəlif kürələrin (taxta, dəmir və fil sümüyündən hazırlanmış kürələr) mail novda
hərəkətlərini araşdırarkən müəyyən edir ki, bu cisimlər fərqli kütləli olmalarına baxmayaraq eyni
təcillə hərəkət edir.