İdeal qazın molekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyi - qazı xarakterizə edən makroskopik parametr olan təzyiqin, onun molekullarını xarakterizə edən mikroskopik parametrlərlə əlaqələndirən tənlikdir.
İdeal qazın hal tənliyi - qazın halını təsvir edən, onun başlanğıc və son halının parametrləri arasında əlaqəni müəyyən edən tənlikdir.
p1V1
T1 = p2V2
T2 və ya
pV
T = const.
İkinci növ daimi mühərrik (perpetuum mobile II) - yalnız bir mənbədən alınan istilik hesabına daim işləyən mühərrikdir.
İmpuls — mexaniki hərəkətin miqdarı olub, cismin kütləsi ilə onun sürəti hasilinə bərabər vektorial fiziki kəmiyyətdir.
İmpulsun saxlanması qanunu - qapalı sistem təşkil edən cisimlərin impulsunun vektorial cəmi sabit qalır.
İsladan maye - kənar bucağı iti olan mayedir. İsladan maye ilə bərk cismin molekulları arasındakı cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındakı cazibə qüvvələrindən böyük olur. Nəticədə qabdakı mayenin sərbəst səthi çökük olur, məsələn, şüşə borudaki su isladan mayedir.
İslatmayan maye - kənar bucağı kor olan mayedir. İslatmayan maye ilə bərk cismin molekulları arasındakı cazibə xarakterli qüvvələr mayenin öz molekulları arasındakı cazibə qüvvələrindən kiçik olur. Nəticədə qabdakı mayenin sərbəst səthi qabarıq olur, məsələn, şüşə borudaki civə islatmayan mayedir
İstilik tarazlığı və ya termodinamik tarazlıq - sistemin makroskopik parametrlərinin uzun müddət dəyişməz qaldığı haldır.
İstilik maşını - bir cisimdən istilik miqdarı alaraq dövri proses icra edən (mexaniki iş görən) termodinamik sistemdir.
İstilik mühərriki - müxtəlif növ yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğudur. İstilik mühərrikləri quruluş xüsusiyyətlərindən asılı olmayaraq üç əsas hissədən ibarətdir:
1. Qızdırıcı — müxtəlif növ yanacağın yanması və ya nüvə reaksiyası nəticəsində ayrılan enerji hesabına yaranan yüksək T1 temperaturunu sabit saxlayan hissə.
2. İşçi cisim - genişlənib sıxılması nəticəsində mexaniki iş görə bilən qaz və ya buxar.
3. Soyuducu - temperaturu T2 (T2 < T1) olan hissə: ətraf mühit (atmosfer), su.
İstilik mühərriki işçi cisim qızdırıcıdan Q1 qədər istilik miqdarı alır, Q2 qədər istilik miqdarı soyuducuya verir və nəticədə o, bir dövrdə Af qədər faydalı iş görür:
Af = Q1 - Q2 .