D
Daxili enerji - sistemi təşkil edən zərrəciklərin müxtəlif növ hərəkətləri və qarşılıqlı təsirləri ilə xarakterizə olunan enerjilərin cəmidir.
Dalğa - rəqslərin zaman keçdikcə fəzada yayılma prosesidir.
Dalğa sürəti - rəqslərin mühitdə yayılma sürətidir. Dalğa sürəti onun tezliyindən və periodundan asılı deyildir. Dalğa sürəti mühitin xassəsindən və aqreqat halından asılıdır. Dalğa uzunluğu isə bircins mühitdə (v= const) rəqs periodundan düz, tezliyindən tərs mütənasib asılıdır.
Bir mühitdən digərinə keçdikdə dalğanın tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa sürəti fərqli olduğundan onun dalğa uzunluğu da dəyişir.
Dalğa tezliyi (periodu) - dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur).
Dalğa uzunluğu - bir rəqs perioduna bərabər müddətdə (t = T) dalğanın yayıldığı məsafədir.
Dalton qanunu - kimyəvi qarşılıqlı təsirdə olmayan ideal qazların təzyiqi parsial təzyiqlərin cəminə bərabərdir.
p = p1 + p2 + ... + pn .
Deformasiya - xarici qüvvənin təsiri altında cismin öz forma və ölçülərini dəyişməsidir.
Dinamika (yun. dinamikos - qüvvətli, güclü) - hərəkətin xarakterini müəyyənləşdirən səbəbləri aşkar edən, bu səbəblərin hərəkətə necə təsir etdiyini öyrənən mexanika bölməsidir.
Dinamikanın əsas məsələsi — qüvvənin təsirinə görə cismin hərəkətinin xarakterini, yaxud əksinə, cismin hərəkətinin xarakterinə görə ona hansı qüvvənin təsir etdiyini müəyyənləşdirməkdir.
Diyirlənmə sürtünmə qüvvəsi - bir cismin səthində digər cisim diyirləndikdə yaranan sürtünmə qüvvəsidir.