Sonrakı araşdırmalardan müəyyən olundu ki, nəinki istilik hadisələri, ümumiyyətlə, təbiətdə baş verən
bütün hadisələr dönməz proseslərdən ibarətdir.
● Dönməz proses - təbii hadisələrin öz-özünə əksinə baş verməsinin qeyri-mümkün olduğu
prosesdir.
İstilik mühərriklərinin iş prinsipi. Termodinamikanın ikinci qanunu istilik
maşınlarının iş prinsipinin
tədqiqi ilə əlaqədar olub onun elmi əsasını təşkil edir.
● İstilik maşını - bir cisimdən istilik miqdarı alaraq dövri proses icra edən (mexaniki iş görən)
termodinamik sistemdir.
İstilik maşınları iki növ olur: istilik mühərrikləri və soyuducu qurğular.
● İstilik mühərriki - müxtəlif növ yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən
qurğudur.
Bilirsiniz ki, bütün istilik mühərrikləri quruluş xüsusiyyətlərindən asılı olmayaraq üç əsas hissədən ibarətdir (bax: Fizika-8 )
1. Qızdırıcı - müxtəlif növ yanacağın yanması və ya nüvə reaksiyası nəticəsində ayrılan enerji hesabına yaranan yüksək T1 temperaturunu sabit saxlayan hissə.
2. İşçi cisim - genişlənib, sıxılması nəticəsində mexaniki iş görə bilən qaz və ya buxar.
3. Soyuducu - temperaturu T2 (T2 < T1) olan hissə: ətraf mühit (atmosfer), su.
İstilik mühərrikinin prinsipial sxemi belədir: işçi cisim qızdırıcıdan Q1 qədər istilik miqdarı alır, Q2 qədər istilik miqdarını soyuducuya verir və nəticədə o, bir dövrdə Af qədər faydalı iş görür (c):
Af = Q1 - Q2 . (7.27)