Termodinamikanın ikinci qanunu. Termodinamikanın birinci qanunu istilik prosesləri üçün
enerjinin
saxlanması qanunudur. Bu qanun birinci növ daimi mühərrik yaratmağın qeyri mümkünlüyünü təsdiqləyir.
Lakin o, istilik proseslərinin hansı istiqamətdə getdiyini müəyyən etmir. Məsələn, temperaturları
müxtəlif olan iki cismi bir-birinə toxunduraq. Bir müddətdən sonra onlar arasında istilik tarazlığı
yaranır. Termodinamikanın birinci qanunu ödəndi - isti cisim nə qədər istilik miqdarı verdisə, soyuq
cisim də bir o qədər istilik miqdarı aldı. Əgər bu proses əksinə baş versəydi, yəni istilik soyuq
cisimdən öz-özünə (xarici təsir olmadan) isti cismə verilsəydi, yenə də termodinamikanın birinci qanunu
ödəniləcəkdi. Lakin əsrlərdən bəri aparılan heç bir eksperiment bu prosesin öz-özünə əksinə baş
verdiyini müəyyən etmədi. Başqa sözlə desək, sonlu temperatur fərqinə malik termodinamik sistemlərdə
istilikvermə prosesi dönməz prosesdir. Bu müddəa alman alimi R.Y.Klauziusun (1822-1888) 1850-ci
ildə
formalaşdırdığı termodinamikanın ikinci qanununun əsasını təşkil edir:
● İstilik enerjisi öz-özünə soyuq cisimdən isti cismə keçə bilməz.
Bununla da termodinamikanın ikinci qanunu termodinamik proseslərin istiqamətinin qanunauyğunluğunu müəyyən etdi. O göstərdi ki, istiliyin soyuq cisimdən isti cismə verilmə prosesini öz-özünə deyil, işgörmə nəticəsində həyata keçirmək olar.