Səthi gərilmə qüvvəsi. Mayeləri qazlardan fərqləndirən xüsusiyyətlərdən biri onların sərbəst səthə malik olmasıdır. Mayenin sərbəst səthindəki molekullarla onun daxilindəki molekulların hallarında da fərq vardır, belə ki:
a) maye daxilindəki molekullar hər tərəfdən qonşu molekullarla əhatə olunduğundan onlar arasındakı cazibə qarşılıqlı təsirləri bir-birini tarazlaşdırır (f; 1 molekulu);
b) maye səthindəki molekulların isə qarşılıqlı təsir sferasının bir hissəsi maye daxilindəki molekulları əhatə edirsə, digər hissəsi maye səthindəki qaz molekullarının (maye buxarı və ya hava molekullarının) “payına” düşür (bax: f; 2 molekulu). Lakin qaz molekullarının 2 molekulunu cəzbetmə qüvvəsi maye molekulları arasındakı cazibə xarakterli qüvvədən çox kiçik olduğundan nəzərə alınmır. Nəticədə 2 molekulunun maye daxilindəki qonşu molekullar tərəfindən cazibə xarakterli əvəzləyici qüvvəsinin hər biri iki toplanan qüvvəyə ayrılır: səthə paralel və səthə perpendikulyar qüvvələri. Səthə perpendikulyar olan toplanan qüvvələr maye daxilinə yönəlməklə səthdəki maye molekullarının daxilə doğru çəkir və mayenin açıq səthi altında mayedaxili təzyiq yaradır. Səthə paralel olan toplanan qüvvələrin təsiri ilə isə mayenin səthi boyunca yönələn, səthi hüdudlandıran xəttə perpendikulyar olan və səthi gərilmiş vəziyyətdə saxlayan qüvvə - səthi gərilmə qüvvəsi yaranır:
● Səthi gərilmə qüvvəsi - mayenin səthini hüdudlandıran xəttə perpendikulyar olub səth boyunca yönələn və mayenin səthinin sahəsini kiçiltməyə çalışan qüvvədir. Səthi gərilmə qüvvəsi maye ilə bərk cismin toxunma sərhədinin uzunluğu ilə düz mütənasibdir.