Doyan və doymayan buxarların biri digərinə çevrilə bilir.
●Doyan buxar izotermik genişləndikdə o, doymayan
buxara çevrilir.
●Doymayan buxar izotermik sıxıldıqda o, doyan buxara çevrilir.
Bu belə baş verir: fərz edək ki, manometrə qoşulan porşenli silindrdə T temperaturlu doymayan buxar var və o, VA həcmini tutur (e). Porşeni izotermik sıxdıqda buxarın həcmi kiçildikcə onun təzyiqi (sıxlığı və molekullarının konsentrasiyası) artır (qrafikin AB hissəsi).
Həcmin VB qiymətində buxar kondensasiya etməyə başlayır, silindrdə maye damcıları yaranır və buxar doyan hala gəlir. Buxarın təzyiqi, sıxlığı və molekullarının konsentrasiyası verilən temperatur üçün maksimal qiymət alır. Həmin hissədə buxarın təzyiqi sabit qalır (qrafikin BC hissəsi), çünki həcmin kiçilməsi nəticəsində buxarın bir hissəsi kondensasiya edərək mayeyə çevrilir. Bu proses doyan buxarın tamamilə mayeyə çevrilməsinə qədər davam edir (C nöqtəsi). Həcmin sonrakı sıxılması mayeyə aiddir və onu sıxmaq çox çətin olduğundan təzyiqi kəskin artır (qrafikin CD hissəsi).
● Doyan buxar izoxor qızdırıldıqda doymayan buxara çevrilir. Sabit həcmdə buxarın təzyiqinin temperaturdan asılılıq qrafikində 1-2 hissəsi buxarın doyan halına uyğundur (f). Qrafikin 2-3 hissəsi doymayan buxara və 2 nöqtəsi mayenin tamamilə qurtardığı nöqtəyə aiddir.