• Maddi nöqtənin hərəkət trayektoriyasının uzunluğuna bərabər olan fiziki kəmiyyət gedilən yol adlanır. Gedilən yol skalyar müsbət kəmiyyət olub l hərfi ilə işarə edilir və BS-də vahidi metrdir.
Maddi nöqtənin hərəkətini tam xarakterizə etmək üçün onun fəzada vəziyyətinin dəyişməsi müəyyən
olunmalıdır. O ya maddi nöqtənin koordinatlarının dəyişməsi, yaxud da radius-vektorun
dəyişməsidir.
● İstənilən fiziki kəmiyyətin dəyişməsi onun son və başlanğıc qiymətlərinin fərqinə bərabərdir və
həmin
kəmiyyətin işarəsinin əvvəlində Δ (delta) yazılır.
Maddi nöqtənin hərəkəti zamanı koordinatların dəyişməsi. Maddi nöqtənin hərəkəti zamanı onun koordinatlarının dəyişməsi həm müsbət, həm də mənfi ola bilər. Məsələn, fərz edək ki, əyrixətli trayektoriya üzrə hərəkət edən qarışqa M nöqtəsindən N nöqtəsinə gəlmişdir (d).
Qarışqanın X oxu üzrə koordinatları artdığından (x > x0) onun bu ox üzrə koordinatının dəyişməsi müsbət olur:
sx = Δx = x — x0 > 0.
Qarışqanın Y oxu üzrə koordinatları isə azaldığından (y < y0) onun həmin ox üzrə koordinatının dəyişməsi mənfi olur:
sy = Δy = y — y0 < 0.
● Yerdəyişmə - hərəkətdə olan maddi nöqtənin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yerdəyişmə vektorial kəmiyyətdir.Vektorial kəmiyyət kimi yerdəyişmə vektorlarını üçbucaq və ya paraleloqram qaydası ilə toplamaq və ya çıxmaq olar.
Yerdəyişmənin də yol kimi BS-də vahidi metrdir, lakin o, kəmiyyət olaraq gedilən yoldan fərqlidir: yerdəyişmə fiziki mənaca verilmiş zaman fasiləsində maddi nöqtənin başlanğıc vəziyyətdən hansı məsafəyə və hansı istiqamətə yerini dəyişdiyini göstərir.