6.3
İSTİLİK TARAZLIĞI - TEMPERATUR
Bəzi quşların, məsələn uzunqanad, qaranquş və s.- nin bədən temperaturunda ciddi dəyişmələr baş verdiyi aşkar olunmuşdur. Məsələn, soyuq, tutqun rütubətli havada bu quşların bədən temperaturu, demək olar, ətraf mühitin temperaturuna bərabər olur. Nəticədə, onların orqanizmindəki bütün sistemlərin funksiyaları kəskin zəifləyir və quşlar uyuşurlar. Lakin onları ələ götürdükdən az sonra canlanır və uçub uzaqlaşırlar. Quşların belə uzunmüddətli uyuşmalarına səbəb yəqin ki, ətraf temperaturun qeyri əlverişli olması və kifayət qədər qidalanmamalarından irəli gəlir.
İstilik tarazlığı. Məlumdur ki, müxtəlif temperaturlu iki cismi bir-birinə toxundurduqda onlar arasında istilik mübadiləsi baş verir: istilik temperaturu yüksək olan cisimdən aşağı temperaturlu cismə verilir. Bu proses hər iki cismin temperaturu bərabərləşənə qədər davam edir. Belə vəziyyət cismin temperaturunun ölçülməsində nəzərə alınır - termometr cismə toxundurulur, lakin onun göstəricisi dərhal deyil, müəyyən zaman fasiləsindən sonra qeyd olunur.