6.2
İDEAL QAZ. İDEAL QAZIN MOLEKULYAR-KİNETİK
NƏZƏRİYYƏSİNİN ƏSAS TƏNLİYİ
Bilirsiniz ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə Bakıdan Ərzuruma qaz nəql olunur. Kəmərin Bakı hissəsində qazın təzyiqi borunun eyni kəsiyə malik Ərzurum hissəsinə nəzərən 1,05 dəfə kiçikdir. Qaz kəmərində şaxələnmə və qaz itkisi yoxdur və o, stasionar rejimdə işləyir.
İdeal qaz. İxtiyari fiziki nəzəriyyənin qurulmasının ilk addımı - real obyektin ideallaşdırılan fikri modelinin qurulmasından ibarətdir. Belə model həmişə gerçəkliyin sadələşdirilmiş şəkli olur, onun vasitəsilə real obyektin xassələrinin qanunauyğunluqları keyfiyyət və kəmiyyət baxımından müəyyən sərhədlər çərçivəsində öyrənilir.
Molekulyar-kinetik nəzəriyyədə qazların xassələrini öyrənmək üçün tətbiq olunan fikri model “ideal
qaz”dır.
● İdeal qaz - aşağıdakı şərtləri ödəyən qazdır.
− Molekullarının xətti ölçüləri onlar arasındakı məsafədən çox-çox kiçikdir və nəzərə alınmır. Ona görə də ideal qaz molekulları, demək olar, bir-biri ilə qarşılıqlı təsirdə olmur − ideal qaz molekullarının qarşılıqlı təsirinin potensial enerjisi sıfıra bərabərdir:
Ep = 0.