Qum dənəsi, qabda su, balonda qaz, dəmir çubuq, Ay, Günəş və s. - makroskopik cismə misal ola bilər.
Mexanikada makroskopik cismə müəyyən kütlə, fəza ölçüsü, enerji xassələrinə malik (çox vaxt isə o, maddi
nöqtə kimi qəbul edilir) obyekt kimi baxılır, bu cisimlərin fəzada vəziyyətləri və onların digər
cisimlərlə qarşılıqlı təsirləri öyrənilir. Lakin mexanika makroskopik cisimlərin daxili quruluşunu,
onları təşkil edən atom və molekullar arasındakı qarşılıqlı təsirləri, bunun nəticəsində maddələrin bir
sıra xassələrini (istidən genişlənməsi, qızması, soyuması, buxarlanması, kondensasiyası, əriməsi,
bərkiməsi, diffuziyası, konveksiyası və s.) izah edə bilmədi. Fizikada, sistemin halını onun daxili
quruluşunu nəzərə almaqla öyrənən molekulyar fizika bölməsi yarandı.
● Molekulyar fizika - makroskopik cisimlərin daxili quruluşunu, onun xassəsini və materiyanın
istilik
hərəkətinin əsas qanunauyğunluqlarını öyrənən fizika bölməsidir.
● Makroskopik cisimlərin atom və molekullardan təşkil edildiyini, bu zərrəciklərin daim xaotik
hərəkətdə
və qarşılıqlı təsirdə olma təsəvvürləri əsasında maddələrin xassələrini və onlarda gedən istilik
proseslərini izah edən nəzəriyyə molekulyar-kinetik nəzəriyyə (MKN) adlanır.
Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları. MKN-nin əsasını 3 müddəa təşkil edir:
I müddəa: bütün maddələr zərrəciklərdən — atom və molekullardan təşkil olunmuşdur. Atom və molekulların varlığını ilk dəfə ingilis kimyaçı alimi Con Dalton (1766-1844) aşkar etmişdir. O, bir sıra kimyəvi elementin atom çəkisini hesablamaqla maddələrin atom quruluş nəzəriyyəsini vermişdir. Sonralar obyektin ölçüsünü milyon dəfəyə qədər böyütməyə imkan verən elektron mikroskopu ixtira edildi və onun vasitəsilə kifayət qədər böyük molekulları görmək, onların fotoşəkillərini çəkmək mümkün oldu.
II müddəa: maddəni təşkil edən zərrəciklər fasiləsiz və nizamsız (xaotik) hərəkətdədir.
Bu müddəanın doğruluğu 1827-ci ildə ingilis botaniki Robert Brounun (1773-1858) çiçək tozcuqlarının suda hərəkətini müşahidə etməsi ilə aşkarlandı. O, müəyyən etdi ki, tozcuqların belə hərəkəti xaotikdir və onlar mürəkkəb trayektoriya üzrə yerlərini dəyişir (c). Hissəciklərin “Broun hərəkəti” adlandırılan belə nizamsız hərəkəti MKN əsasında nəzəri olaraq 1905-ci ildə Albert Eynşteyn tərəfindən əsaslandırıldı. Nəzəriyyə təcrübi olaraq 1909—1911-ci illərdə fransız fiziki Jan Batist Perren (1870-1942) tərəfindən təsdiqləndi. O, müəyyənləşdirdi ki, boyaq hissəciklərinin suda xaotik hərəkət etməsinə səbəb su molekullarının istilik hərəkətinin nəticəsidir. Perren müəyyənləşdirdi ki, zərrəciklərin broun hərəkətinin intensivliyi onun kimyəvi təbiətindən deyil, temperaturundan asılıdır: temperatur yüksəldikcə broun hərəkətinin intensivliyi də artır.
Beləliklə:
● Broun hərəkəti — mayelərdə (və ya qazlarda) asılı halda olan “yad” hissəciklərin nizamsız
hərəkətidir.
MKN-nin ikinci müddəasını təsdiq edən amillərdən biri də diffuziya hadisəsidir.
● Diffuziya - bir maddənin atom və ya molekullarının öz-özünə digər maddənin atom və ya molekullarına
qarışması prosesidir. Bu hadisəni kəmiyyət baxımından 1855-ci ildə alman fiziki və fizioloqu Adolf Fik
(1829-1901) isbat edərək “Diffüziyanın Fik qanununu” müəyyənləşdirmişdir.