Rezonans hadisəsi. Məcburi rəqslərin amplitudu məcburedici qüvvənin tezliyindən asılıdır - məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin məxsusi rəqs tezliyinin qiymətinə yaxınlaşdıqca məcburi rəqslərin amplitudu artır (d). Nəticədə sistemdə rezonans hadisəsi baş verir.
● Rezonans hadisəsi - məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin sərbəst rəqs tezliyinin qiymətinə bərabər olarsa (ω = ω0) məcburi rəqslərin amplitudunun kəskin artması hadisəsidir.
Rezonans əyrisinin maksimumunun kəskinliyi sürtünmə qüvvəsindən asılıdır. Belə ki, 1 əyrisi kiçik sürtünmə qüvvəsinə (maksimum kəskindir), 2 və 3 əyrisi isə böyük sürtünmə qüvvəsinə uyğundur (bax: d).
Məcburi rəqslərdə rezonans rəqs sistemlərində fəlakətlərə səbəb olabilən böyük dağıdıcı qüvvə yaradır. Məsələn, körpüdən ahəngdar addımlayan piyada və ya süvari alayının yaratdığı məcburedici təsir qüvvəsinin tezliyi körpünün sərbəst rəqs tezliyi ilə üst-üstə düşdükdə körpünün məcburi rəqs amplitudu kəskin artar və o dağıla bilər. Bu səbəbdən əsgər alayları körpüdən keçdikdə azad yerişlə addımlamaq komandası alırlar.