4.6
MƏCBURİ RƏQSLƏR. REZONANS
Tarixdə baş verən iki qeyri-adi hadisə haqqında, yəqin ki, eşitmisiniz:
- 1905-ci ildə Sankt-Peterburq şəhərindəki Fontanka çayı (Rusiya) üzərində salınmış 55 m-lik “Misir” zəncirli körpüsündən süvari alayı keçərkən körpü dağılmışdır (a).
- 1940-cı ildə isə Takoma-Herrouz boğazı (ABŞ) üzərində salınan 1810 m uzunluqlu “Takoma” asma körpüsü küləkli bir gündə dağılmışdır (b).
- Bu hadisələrin baş verməsində oxşar cəhət nədir və onların rəqsi hərəkətlə müəyyən əlaqəsi ola bilərmi?
1
Hansı rəqqas daha böyük amplitudla rəqs edər?
Təchizat: muftası olan ştativ (2 əd) və ya bir altlığa bərkidilən iki dayaq,
qalın ip, müxtəlif uzunluqlu ipli rəqqaslar (rəqqasın birindəki kürəciyin kütləsi digərlərindən
böyükdür).
İşin gedişi:
- Qalın ipi tarım çəkib dayaqlara bağlayın, rəqqasları isə şəkildə təsvir edildiyi qaydada
ipdən asın (c).
- Kənardakı rəqqası (1-ci və ya 7-ci rəqqas) sərbəst rəqsi hərəkətə gətirin. Bu zaman
hansı rəqqasın böyük kütləli 4 rəqqasının amplituduna bərabər amplitudda və eyni
tezlikdə
rəqs etdiyini müəyyənləşdirin.
Nəticənin müzakirəsi:
- Hansı rəqqas sərbəst, hansı isə məcburi rəqs icra edir? Nə üçün?
- Hansı rəqqas 4 rəqqası ilə eyni tezlikdə rəqs edir? Nə üçün?
- Hansı rəqqas daha böyük amplitudla rəqs edər? Nə üçün?
Rəqs sisteminə periodik dəyişən, məsələn, F = Fmcosωt harmonik qanunu ilə
dəyişən xarici qüvvə -
məcburedici qüvvə təsir etdikdə bu sistemdə məcburi rəqslər yaranır.
● Məcburi rəqslərin tezliyi həmişə məcburedici qüvvənin dəyişmə tezliyinə bərabər olur - xarici
qüvvə hansı
tezliklə dəyişirsə, sistem də həmin tezliklə rəqs edir.