Ətraf aləmdə fasiləsiz baş verən dəyişiklik materiyanın əsas xassələrindən biri olan hərəkətdir.
Hərəkətin isə ən sadə forması mexaniki hərəkətdir.
• Mexaniki hərəkət - cismin zaman keçdikcə fəzada başqa cisimlərə nəzərən vəziyyətinin (yaxud
koordinatlarının) dəyişməsidir.
• Mexaniki hərəkətin qanunauyğunluqlarını, onun səbəbini öyrənən elm mexanika (yun. “mekhane ” -
maşın, mexanizm) adlanır.
• İstənilən zaman anında cismin vəziyyətini təyin etmək mexanikanın əsas məsələsidir.
Mexanikanın əsas məsələsini həll etmək üçün cismin necə hərəkət etdiyini, onun vəziyyətinin zaman keçdikcə necə dəyişdiyini dəqiq müəyyən etmək lazımdır. Başqa sözlə desək, mexaniki hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasında əlaqələri təyin etmək lazımdır.
Mexanikanın mexaniki hərəkəti təsvir edən bölməsi kinematikadır.
• Kinematika (yun. “kinematos ” -
hərəkət) - mexaniki hərəkəti dəyişdirən səbəbləri araşdırmadan, onu öyrənən mexanika
bölməsidir.
Mexaniki hərəkətin ən sadə növlərindən biri irəliləmə hərəkətidir.
• İrəliləmə hərəkəti - bütün nöqtələri eyni hərəkət edən cismin hərəkətinə deyilir.
İrəliləmə hərəkətində cismin xəyalən iki ixtiyari nöqtəsindən keçən düz xətt əvvəlki vəziyyətinə paralel qalır. Məsələn, çamadanı döşəmədən stulun üzərinə qoyduqda ona irəliləmə hərəkəti verilir (b). İrəliləmə hərəkətində cismin bütün nöqtələri eyni hərəkət etdiyindən, onun hərəkəti cismin bir nöqtəsinin hərəkətinə gətirilir. Bu halda maddi nöqtə adlandırılan ideallaşdırılan fiziki modeldən istifadə etmək əlverişli olur.
• Maddi nöqtə - verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisimdir.